Elnur Bağırov sənaye və logistika infrastrukturlarının investorlar üçün yaratdığı imkanlardan danışıb
Elpress.az xəbər verir ki, İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarının genişləndirilməsinə şərait yaradır.Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) çıxışı zamanı bildirib.Onun sözlərinə görə, sənaye parkları, sənaye məhəllələri və Ələt Azad İqtisadi Zonası investorlar üçün istehsal və logistika imkanları yaradır. Bu ərazilərin əsas məqsədi yalnız torpaq sahəsi təqdim etmək deyil, investisiya üçün zəruri infrastrukturu və imkanları özündə birləşdirən ekosistem formalaşdırmaqdır.Bağırov qeyd edib ki, yaradılan imkanlar investorların ilkin xərclərini azaltmağa, istehsal və ixracın artırılmasına, sənaye klasterlərinin və ixtisaslı iş yerlərinin formalaşmasına şərait yaradır.Agentlik sədri Qarabağ və digər regionlarda yaradılan sənaye infrastrukturunun da investisiya və istehsal imkanlarını genişləndirdiyini bildirib.Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 130 milyard dollara yaxınlaşıb. ÜDM-in 33 faizini sənaye, 7,1 faizini isə nəqliyyat və anbar təsərrüfatı təşkil edib.Bağırov əlavə edib ki, 2025-ci ildə Azərbaycanda rəqəmsal dövlət satınalmalarının ümumi dəyəri 5 milyard dollara yaxın olub. Bu, əvvəlki göstərici ilə müqayisədə 10 faizdən çox artım deməkdir.O bildirib ki, dövlət satınalmaları ilə bağlı qanunvericilik yerli mal, iş və xidmətlərə qiymətləndirmə zamanı 20 faizə qədər üstünlük verilməsinə imkan yaradır.


