Nazir müavini: Zəngəzur dəhlizinin inkişafında mühüm irəliləyiş əldə olunub
Elpress.az xəbər verir ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin inkişafı istiqamətində işlər davam etdirilir. Ermənistan ərazisindən keçəcək TRIPP marşrutu üzrə artıq mühəndislik işlərinə başlanılıb.Bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” panel sessiyasında danışarkən məlumat verib.Nazir müavini bildirib ki, Azərbaycan Ermənistanla bağlı bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Son bir il ərzində Azərbaycandan Ermənistana 60 min tondan çox yük göndərilib, həmçinin ölkəyə 20 min tondan artıq neft məhsulu tədarük olunub.Onun sözlərinə görə, iki ölkə arasında sülh istiqamətində danışıqlar və əməkdaşlıq davam edir. Eyni zamanda, telekommunikasiya operatorları arasında internet bağlantısı ilə bağlı saziş imzalanıb.Elnur Məmmədov Zəngəzur dəhlizinin inkişafı üzrə də əhəmiyyətli irəliləyiş əldə edildiyini qeyd edib. Bildirib ki, magistral yolun təxminən 95 faizi, dəmir yolunun isə 75 faizi artıq inşa olunub. Qalan işlərin gələn ilin üçüncü rübündə başa çatdırılması planlaşdırılır.Nazir müavini həmçinin TRIPP İnkişaf Şirkətinin yaradılması istiqamətində işlərin aparıldığını və Ermənistan ərazisində mühəndislik fəaliyyətlərinə start verildiyini bildirib. Marşrutun Ermənistan ərazisindən keçən təxminən 42 kilometrlik hissəsinin tikintisinə gələn ilin əvvəlində başlanması nəzərdə tutulur.Layihənin Azərbaycanın əsas hissəsini Ermənistan üzərindən Naxçıvanla birləşdirməsi və Trans-Xəzər nəqliyyat şəbəkəsi ilə əlaqələri genişləndirməsi planlaşdırılır. Elnur Məmmədovun sözlərinə görə, marşrutun istifadəyə verilməsi yükdaşımaların müddətinin hazırkı üç həftədən 12–15 günədək azalmasına imkan yarada bilər.


