AYİB rəsmisi: Sənaye zonalarının vahid iqtisadi ekosistemə çevrilməsi üçün Azərbaycanda imkanlar var
Elpress.az xəbər verir ki, Azərbaycanda sənaye zonalarının daha geniş iqtisadi ekosistemə çevrilməsi istiqamətində yeni mərhələyə keçid müşahidə olunur.Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə ölkə meneceri Natali Mouravidze Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı bildirib.Onun sözlərinə görə, müasir dövrdə sənaye zonalarının inkişafında əsas məqsədlərdən biri yalnız istehsal müəssisələrinin yaradılması deyil, həm də onları təchizatçı, istehsalçı və alıcıların qarşılıqlı əlaqədə olduğu vahid sistemə çevirməkdir.Natali Mouravidze qeyd edib ki, əvvəlki dövrlərdə investorların əsas diqqəti sənaye zonalarında zavod və digər istehsal müəssisələrinin qurulmasına yönəlirdisə, hazırda onlar həmin ərazilərdən müxtəlif bazarlara çıxış imkanlarını və mövcud iqtisadi əlaqələri də nəzərə alırlar.AYİB-in müxtəlif ölkələrdəki təcrübəsinə əsasən, təchizatçıların, istehsalçıların və alıcıların bir araya gətirildiyi sənaye zonalarında layihələrin daha səmərəli inkişaf etdiyi bildirilib.Mouravidze Azərbaycanda belə bir sistemin formalaşdırılması üçün əsas imkanların mövcud olduğunu vurğulayıb. Onun fikrincə, istehsalçıların inkişafı ilə yanaşı, onların təchizatçılarla əlaqələrinin gücləndirilməsi və mövcud imkanların vahid sistemdə birləşdirilməsi ölkənin sənaye və ixrac potensialının genişlənməsinə şərait yarada bilər.


