Emi Karlon: ABŞ-ın TRIPP-ə investisiyası layihəyə bağlılığını nümayiş etdirir
Elpress.az xəbər verir ki, ABŞ TRIPP layihəsini regionda geostrateji risklərin azaldılması və qarşılıqlı etimadın gücləndirilməsi baxımından əhəmiyyətli təşəbbüs hesab edir.Bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” panelində çıxışı zamanı bildirib.Diplomat qeyd edib ki, TRIPP yalnız formal təşəbbüs deyil. Onun sözlərinə görə, layihə çərçivəsində yeni qurumun yaradılması, investisiyaların yatırılması və gələcəkdə onun iqtisadi dayanıqlığının təmin edilməsi ABŞ-ın layihəyə yanaşmasının göstəricisidir.Emi Karlon bildirib ki, layihənin maliyyələşdirilməsi mexanizmlərindən biri 201 milyon dollarlıq fond olacaq. Fondun əsas istiqamətlərindən biri özəl investorların layihəyə cəlb edilməsidir.ABŞ rəsmisi həmçinin ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası və ABŞ İxrac-İdxal Bankının layihədə mümkün roluna toxunub. Bildirilib ki, bu qurumlar kredit, zəmanət və risklərin sığortalanması kimi maliyyə alətlərindən istifadə etməklə ABŞ şirkətlərinin layihəyə investisiya qoymasına şərait yarada bilərlər.Karlon ABŞ hökumətinin TRIPP-ə ayırdığı maliyyə və resursların Vaşinqtonun təşəbbüsə verdiyi əhəmiyyəti göstərdiyini vurğulayıb.Onun sözlərinə görə, ABŞ TRIPP-i həmçinin regionda geostrateji risklərin azaldılması və tərəflər arasında etimadın möhkəmləndirilməsi baxımından mühüm vasitə kimi qiymətləndirir.


