Azərbaycan və Türkiyənin daxili işlər qurumları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Elpress.az xəbər verir ki, Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Türkiyənin Daxili İşlər Nazirliyinin nümayəndə heyətini qəbul edib.Səfər çərçivəsində nümayəndə heyətinin rəhbəri Ali Fidan və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini yad ediblər. Həmçinin akademik Zərifə Əliyevanın məzarı önünə gül dəstələri qoyulub.Vilayət Eyvazov görüş zamanı Azərbaycan və Türkiyənin daxili işlər qurumları arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Nazir hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinin və birgə layihələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.Onun sözlərinə görə, polis əməkdaşlığı çərçivəsində keçirilən görüşlər təcrübə mübadiləsinin aparılmasına və praktiki fəaliyyətin daha səmərəli təşkilinə imkan yaradır.Ali Fidan isə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib və iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, xüsusilə qlobal təhdidlərə və müxtəlif növ cinayətkarlığa qarşı birgə mübarizənin vacibliyini vurğulayıb.Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.


