Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz yaşadığı evi tərk etməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülüb.
Elpress.az xəbər verir ki, 2011-ci il təvəllüdlü yeniyetmənin oktyabrın 1-də evdən çıxaraq naməlum istiqamətə getməsi barədə ailəsi polisə məlumat verib.
Müraciətdən dərhal sonra polis əməkdaşları tərəfindən axtarış tədbirlərinə başlanılıb. Paralel olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən məsələ araşdırılıb və aidiyyəti qurumlarla əlaqələndirmə aparılıb.
Araşdırma nəticəsində yeniyetmənin Şəmkir rayonunda yaşayan şəxslə ailə qurmaq məqsədilə evdən xəbərsiz getdiyi müəyyənləşdirilib.
Onun azyaşlı olması nəzərə alınaraq keçirilən operativ tədbirlər nəticəsində yeri qısa müddətdə müəyyən edilib. Yeniyetmə tapılaraq ailəsinə təhvil verilib.
Bununla da onun təhlükəsizliyi təmin olunub və erkən nikaha cəlb edilməsinin qarşısı alınıb.
Hazırda faktla bağlı araşdırma Ağdam Rayon Polis Şöbəsində davam etdirilir.


