Yəməndə ordu qüvvələri ilə husilər arasında qarşıdurmalar yenidən şiddətlənib. Hərbçilər husilərin mövqelərinə və istifadə etdikləri hərəkət marşrutlarına genişmiqyaslı zərbələr endirib.
Elpress.az xəbər verir ki, Yəmən ordusunun açıqlamasına əsasən, həyata keçirilən əməliyyatlar zamanı 700-ə yaxın husi öldürülüb.
Məlumata görə, ümumilikdə 257 zərbə endirilib. Hücumların Səna, Midi və Baqimlə yanaşı, Əl-Cəvf, Marib, Əl-Beyda və Lahic ərazilərindəki mövqelərə istiqamətləndirildiyi bildirilib. Ən intensiv qarşıdurmaların isə Taiz şəhəri ətrafında baş verdiyi qeyd olunub.
Əməliyyatlarda hərbi aviasiya və pilotsuz uçuş aparatlarından istifadə olunub. Bundan başqa, artilleriya, raketlər və reaktiv yaylım atəşi sistemlərinin də tətbiq edildiyi açıqlanıb.
Yəmən ordusunun sözçüsü Məcid Abdullah ən-Nəzili 170 döyüş maşını və digər ağır hərbi texnikanın məhv edildiyini bildirib.
Taiz ətrafında döyüşlərin hələ də davam etdiyi bildirilir. Qarşıdurmaların intensivləşməsi nəticəsində bölgədə yaşayan çoxsaylı sakinlər ərazini tərk etmək məcburiyyətində qalıb. Hücumlar zamanı mülki şəxslər arasında da ölənlərin olduğu barədə məlumat yayılıb.


