Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində son 12 ili əhatə edən maliyyə yoxlamasına başlanılıb. Yoxlamanın nümayəndəliyin əvvəlki rəhbərliyi dövrünü də əhatə etdiyi bildirilir.
Elpress.az xəbər verir ki, maliyyə nəzarəti tədbirləri barədə məlumatı “Unikal” yayıb. Məlumata görə, araşdırılan dövr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun rəhbərliyi dönəminə də təsadüf edir.
Bəxtiyar Hüseynalı oğlu Əsgərov 2014-cü ilin fevralından 2026-cı ilin sentyabrınadək nümayəndəliyə rəhbərlik edib. O, sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə vəzifəsindən azad edilib.
Hazırda aparılan yoxlamanın hansı nəticələrə səbəb olacağı və araşdırma çərçivəsində hər hansı maliyyə pozuntusunun müəyyən edilib-edilmədiyi barədə əlavə rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, 2026-cı ilin iyulunda qanunvericiliyə edilmiş dəyişikliklərlə Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının büdcəsi ilə bağlı audit və rəyvermə səlahiyyətləri də müəyyənləşdirilib.


