Vətən müharibəsi zamanı Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından 6 il ötür.
Elpress.az xəbər verir ki, 2020-ci il oktyabrın 5-də Bərdənin mərkəzi ərazilərinə və Mərkəzi Xəstəxananın yaxınlığına raket zərbələri endirilib. Hücum nəticəsində 2 mülki şəxs həyatını itirib, 6 nəfər yaralanıb, şəhərin infrastrukturuna ciddi ziyan dəyib.
Bərdə rayonu 44 günlük müharibə dövründə beş dəfə atəşə tutulub. Oktyabrın 5, 8, 27, 28-də və noyabrın 7-də həyata keçirilən hücumlar nəticəsində rayonda 29 sakin həlak olub, 112 nəfər yaralanıb. Ölənlər arasında 2 uşaq və 8 qadın da olub.
Həmin gün Ermənistan silahlı qüvvələri Gəncəni də raket atəşinə tutub. Zərbələr şəhərin müxtəlif ərazilərinə, o cümlədən xəstəxana və məktəb yaxınlığına düşüb. Nəticədə 3 mülki şəxs yaralanıb və infrastruktura böyük ziyan dəyib.
Gəncə müharibə ərzində ümumilikdə beş dəfə raket və ağır artilleriya hücumlarına məruz qalıb. Oktyabrın 4, 5, 8, 11 və 17-də baş verən hücumlar nəticəsində şəhərdə 26 nəfər ölüb, 175 nəfər yaralanıb.
Oktyabrın 5-də Beyləqan, Goranboy, Göygöl və Tərtər rayonları da atəşə məruz qalan yaşayış məntəqələri sırasında olub. Beyləqana atılan iki raketdən biri uşaq bağçasının həyətinə düşüb.
Ümumilikdə, Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycanın müxtəlif şəhər və rayonlarının atəşə tutulması nəticəsində 93 mülki şəxsin öldüyü, 454 nəfərin yaralandığı bildirilir. Həlak olanlar arasında 12 uşaq və 27 qadın olub.
Hücumlar nəticəsində minlərlə yaşayış və qeyri-yaşayış sahəsinə, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyib.
Qeyd edək ki, baş verən hadisələrlə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında cinayət işləri başlanılıb.


