Azərbaycanın 8 Noyabr – Zəfər Günü Norveçin Oslo və Stavanger şəhərlərində musiqili tədbirlərlə qeyd edilib. Proqramlarda yerli Azərbaycan icmasının nümayəndələri, diaspor təşkilatlarının təmsilçiləri və sənət adamları iştirak ediblər.
Elpress.az xəbər verir ki, tədbirlər Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb.
Oslo Azərbaycan Evinin və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) rəhbəri Ramil Əliyev çıxışlarında Zəfər Gününün xalqımızın tarixindəki əhəmiyyətindən danışıb. O, 8 Noyabrın hərbi qələbə ilə yanaşı, milli birlik və Vətən sevgisinin rəmzi olduğunu vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri Samir Bayramov isə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs edib və Norveçdə yaşayan soydaşlarımızı bayram münasibətilə təbrik edib.
Tədbirlərin NAYO-nun yaradılmasının 20 illik yubileyi ərəfəsinə təsadüf etməsi də diqqətə çatdırılıb. Norveç Türk Dərnəkləri Federasiyasının sədri Nizaməttin Demirezin və federasiyanın İdarə Heyətinin üzvlərinin iştirakı isə iki icma arasındakı dostluq münasibətlərini nümayiş etdirib.
Bədii hissədə muğam ifaçısı İlkin Dövlətov və V Muğam Televiziya Müsabiqəsinin qalibi Nisbət Sədrayeva çıxış ediblər. Norveçdə yaşayan musiqiçi Arzu Rzayevanın “Xankəndi” və “Gözlərim danışır” əsərləri də dinləyicilərə təqdim olunub. Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin şagirdləri də tədbirin musiqi proqramında iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanın diaspor təşkilatları Zəfər Günü münasibətilə dünyanın müxtəlif ölkələrində silsilə tədbirlər keçirirlər.


