Ermənistan hökuməti ölkənin yeni Konstitusiya layihəsini noyabr ayında ictimaiyyətə təqdim etməyi planlaşdırır. Sənədin açıqlanmasından sonra onunla bağlı geniş müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Elpress.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin komitələrinin 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunan birgə iclasında bildirib.
Onun sözlərinə görə, layihə dərc olunduqdan sonra ictimaiyyətin təklifləri qəbul ediləcək və müzakirə ediləcək. Bu proses sənədin cəmiyyətdə kifayət qədər geniş müzakirə olunduğuna əminlik yarananadək davam etdiriləcək.
Paşinyan Ermənistan hökumətinin qarşıdakı əsas vəzifələrindən birinin Azərbaycanla paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyası olduğunu da vurğulayıb. Baş nazir yeni Konstitusiya ilə bağlı müzakirələrin sülh prosesinə təsirini də gündəmə gətirib.
Qeyd edək ki, rəsmi Bakı Ermənistan Konstitusiyasının preambulasında yer alan müddəaları sülh sazişinin imzalanması qarşısında maneə hesab edir və bu məsələnin həllini tələb edir. Ermənistan tərəfi isə konstitusiya islahatlarını ölkənin daxili siyasi məsələsi kimi qiymətləndirir.


