İran Prezidenti Məsud Pezeşkian ölkədə sənaye müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Elpress.az xəbər verir ki, Tehranda qatıldığı tədbirdə çıxış edən dövlət başçısı istehsalın dayanmasına imkan verməyəcəklərini bildirib. O, müəssisələrin enerji ilə təminatını qorumaq üçün zərurət yaranarsa, hətta öz iş otağında elektrik enerjisinin kəsilməsinə və istiliyin azaldılmasına hazır olduğunu deyib.
Pezeşkian istehsalın davam etməsi üçün su, qaz və elektrik təchizatının qorunmasının vacib olduğunu qeyd edib.
İranda son dövrlər yaşanan elektrik kəsintilərinin əsas səbəblərindən biri istilik elektrik stansiyalarının yanacaq təminatında yaranan çətinliklərdir. Ölkənin elektrik istehsalının böyük hissəsini təmin edən bu stansiyalarda təbii qaz çatışmazlığı və maye yanacaq ehtiyatlarının azalması enerji istehsalına təsir göstərir.
Soyuq havalarda əhalinin qaz istehlakının artması da elektrik stansiyalarına ayrılan yanacağın həcmini məhdudlaşdırır. Təqdim olunan məlumata əsasən, Tehranda hər iki gündən bir təxminən iki saatlıq elektrik kəsintiləri tətbiq olunur.


