Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində gənclər üçün süni intellekt və proqramlaşdırmanın imkanlarına həsr olunan maarifləndirici görüş keçirilib.
Elpress.az xəbər verir ki, tədbirdə müasir texnologiyaların inkişafı, süni intellektin gündəlik həyatda və təhsildə tətbiqi, eləcə də rəqəmsal bacarıqların əhəmiyyəti müzakirə olunub.
Mərkəzin təsisçisi və direktoru Rezo Həsənov çıxışında süni intellektdən düzgün və məsuliyyətli istifadənin vacibliyini vurğulayıb. O, texnoloji yeniliklərin gənclər üçün yaratdığı imkanlardan danışaraq bu sahədə biliklərin artırılmasının əhəmiyyətinə diqqət çəkib.
İnnovasiya və Texnologiya Mərkəzinin üzvləri Nurlan Bədəlov, Kənan Həsənov və Bağda Əliyeva süni intellekt və proqramlaşdırmanın əsas xüsusiyyətləri, tətbiq sahələri və müasir dövrdəki rolu barədə təqdimatlarla çıxış ediblər.
Görüş çərçivəsində praktiki tapşırıqlar yerinə yetirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb və gəncləri maraqlandıran suallar cavablandırılıb.
Təşəbbüsün əsas məqsədi gənclərin texnoloji biliklərini genişləndirmək, innovasiyalara marağını artırmaq və rəqəmsal vasitələrdən səmərəli istifadəyə təşviq etməkdir.


