Azərbaycan Mətbuat Şurası Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrdə ölkəmizlə bağlı yayılan məlumatların təhrif edilməsindən narahatlığını bildirib.
Elpress.az xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda vurğulanıb ki, Azərbaycanda baş verən ayrı-ayrı hadisələrin kontekstdən kənar təqdim edilməsi, daxili məsələlərin siyasiləşdirilməsi və təsdiqlənməmiş iddiaların fakt kimi yayılması peşəkar jurnalistikanın prinsiplərinə ziddir.
Şuranın diqqət çəkdiyi məsələlərdən biri ümumtəhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarın təqdimatıdır. Qurumun mövqeyinə görə, bu məsələ bəzi Türkiyə media resurslarında təhrif olunur, Azərbaycanda hicabın qadağan edilməsi və dini dəyərlərin sıxışdırılması barədə əsassız iddialarla əlaqələndirilir.
Bəyanatda həmçinin mövzuya aidiyyəti olmayan köhnə və ya saxta foto-video materiallardan istifadə edilməsinin, ayrı-ayrı şəxslərin radikal fikirlərinin bütövlükdə Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim olunmasının ictimai rəyə yanlış təsir göstərdiyi bildirilib.
Mətbuat Şurası narahatlıq doğuran halların yalnız sosial şəbəkələrlə məhdudlaşmadığını, Türkiyənin bəzi ənənəvi media orqanlarında da müşahidə olunduğunu qeyd edib. Bəyanatda bəzi paylaşımlarda Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və hakimiyyətin qeyri-qanuni yollarla ələ keçirilməsinə yönələn çağırışlara da diqqət çəkilib.
Qurum vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri ortaq tarixə, dilə, mədəniyyətə və qarşılıqlı etimada əsaslanır. “Bir millət, iki dövlət” prinsipi isə ölkələrin suverenliyinə və bərabərhüquqlu əməkdaşlığına hörmət çərçivəsində dəyərləndirilməlidir.
Mətbuat Şurası Türkiyənin media qurumlarını, jurnalist təşkilatlarını, redaksiyalarını və sosial şəbəkələrdə ictimai rəyə təsir göstərən şəxsləri Azərbaycanla bağlı məlumatları dərc etməzdən əvvəl etibarlı mənbələrdən yoxlamağa çağırıb.
Bəyanatda yanlış məlumatların operativ şəkildə düzəldilməsi, təhqir və böhtan ritorikasından çəkinilməsi, eləcə də iki ölkə arasındakı münasibətlərə zərər vura biləcək manipulyativ kampaniyalara qarşı prinsipial mövqe sərgilənməsinin vacibliyi vurğulanıb.


