Gürcüstanın Marneuli şəhərindəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar maarifləndirici görüş təşkil olunub.
Elpress.az xəbər verir ki, tədbirdə şagirdlərə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi, Gürcüstanın müstəqillik tarixi və hər iki xalqın azadlıq mübarizəsi barədə məlumat verilib.
Mərkəzin müəllimləri Zülfinaz Əliyeva və Sayalı İsmayılova mövzu ətrafında çıxış edərək uşaqlara iki ölkənin dövlətçilik tarixini izah ediblər.
Görüş çərçivəsində Azərbaycan və Gürcüstanın tarixi, dövlətçilik ənənələri və mədəni irsi ilə bağlı sual-cavab da keçirilib. İnteraktiv müzakirələr şagirdlərin tarixi biliklərinin genişləndirilməsinə və milli dəyərlərə bağlılığının möhkəmləndirilməsinə yönəlib.


