Azərbaycanda Türkiyə bayrağının endirilməsinə cəhd göstərildiyi barədə yayılan məlumatlar rəsmi Ankara tərəfindən təkzib olunub.
Elpress.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi sosial şəbəkələrdə yayılan görüntülərin köhnə tarixə aid olduğunu açıqlayıb.
Mərkəzin bəyanatında bildirilib ki, görüntülərin çəkildiyi vaxt Türkiyə bayrağına qarşı xoşagəlməz hərəkət etməyə çalışan şəxsə ilk və ən sərt reaksiyanı azərbaycanlılar göstəriblər. Açıqlamada bayrağın endirilməsi ilə bağlı hadisənin baş vermədiyi vurğulanıb.
Qurum köhnə görüntülərin kontekstdən çıxarılaraq yeni hadisə kimi təqdim edilməsinin ictimaiyyəti yanılda biləcəyini qeyd edib və vətəndaşları bu cür paylaşımlara münasibətdə diqqətli olmağa çağırıb.


