Deputat 2020 və 2023-cü illərin Azərbaycanın dövlətçilik tarixindəki rolunu təhlil edib
Elpress.az xəbər verir ki, Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Suverenlik və milli güc amili” adlı məqaləsində dövlət suverenliyinin siyasi, hüquqi və iqtisadi əsaslarından, Azərbaycanın dövlətçilik tarixindən və ərazi bütövlüyünün bərpası prosesindən bəhs edib.Məqalədə qeyd olunur ki, suverenlik dövlətin mövcudluğunun, müstəqilliyinin və ərazi bütövlüyünün əsas şərtlərindən biridir. Dövlətin öz ərazisində hakimiyyət üstünlüyünü həyata keçirməsi və beynəlxalq münasibətlərdə müstəqil qərarlar qəbul etməsi suverenliyin əsas göstəriciləri kimi təqdim edilir.Müəllif suverenliyin iqtisadi, siyasi və hüquqi dayaqlarının bir-biri ilə əlaqəli olduğunu vurğulayır. İqtisadi potensial, təbii və mədəni sərvətlər, siyasi sabitlik, dövlət idarəçiliyi, Konstitusiya və beynəlxalq hüququn ərazi bütövlüyü və dövlətlərin suveren bərabərliyi prinsipləri bu dayaqlar sırasında göstərilir.Məqalədə Azərbaycanın dövlətçilik ənənələrinin qədim tarixə söykəndiyi, müxtəlif dövlət qurumlarının idarəçilik, ordu quruculuğu və ictimai münasibətlərin tənzimlənməsi baxımından mühüm təcrübə formalaşdırdığı bildirilir.Elçin Mirzəbəyli qeyd edir ki, hərbi güc suverenliyin qorunmasında mühüm vasitə olsa da, onun davamlı təminatı siyasi sabitlik, iqtisadi imkanlar, institusional idarəçilik və milli həmrəyliklə bağlıdır. Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadi potensialının artırılması, beynəlxalq əlaqələrinin genişləndirilməsi və milli maraqlara əsaslanan xarici siyasət də bu baxımdan mühüm amillər kimi qiymətləndirilir.Müəllif Ermənistanın Azərbaycana qarşı təcavüzü və uzunmüddətli işğal dövrünün suverenlik baxımından yaratdığı problemlərə də toxunur. Bildirilir ki, işğal nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində dövlət hakimiyyətinin faktiki həyata keçirilməsi mümkün olmayıb və hüquqi suverenliklə faktiki suverenlik arasında ziddiyyət yaranıb.Məqalədə 2020-ci il Vətən müharibəsində əldə edilən Zəfərin Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ yaratdığı qeyd olunur. Bununla yanaşı, Qarabağın bir hissəsində separatçı strukturun mövcudluğu səbəbindən həmin dövrdə suverenliyin tam bərpasının başa çatmadığı vurğulanır.2023-cü il sentyabrın 19-da başlayan antiterror tədbirlərinin nəticəsində separatçı silahlı qüvvələrin tərksilah edildiyi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun həmin ərazilərdə bərpa olunduğu bildirilir. Məqalədə 2020-ci il ərazi bütövlüyünün bərpası, 2023-cü il isə dövlət suverenliyinin tam təmin edilməsi mərhələsi kimi təqdim edilir.Müəllif sonda dövlət suverenliyinin yalnız hərbi nəzarətlə məhdudlaşmadığını, ərazi üzərində hüquqi, iqtisadi və sosial institutların davamlı fəaliyyətinin də onun möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edir.


