Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasının birliyinin qorunmasının vacibliyini vurğulayıb və qarşıdan gələn Türk Dövlətləri Təşkilatının Zirvə görüşü ilə bağlı fikirlərini bölüşüb.
Elpress.az xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.
Türkiyə lideri bildirib ki, oktyabrın 30-da Ankarada Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünə ev sahibliyi edəcəklər.
“İnanıram ki, Türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə birlik və bərabərliklə dayanacağıq”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.
O, zirvə görüşünü Türk dünyasının ortaq dəyərlərinin və qardaşlıq münasibətlərinin təzahürü kimi səciyyələndirib.
Qeyd edək ki, təqdim olunan məlumata əsasən, Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünün oktyabrın 29-30-da Türkiyənin paytaxtı Ankarada keçirilməsi nəzərdə tutulur.


