Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə dövlət maraqlarını əsas götürən yeni müxalifətin formalaşmasına ehtiyac olduğunu bildirib.
Elpress.az xəbər verir ki, Paşinyan bu fikirləri Ermənistanın bir sıra icmalarında keçirilən bələdiyyə seçkilərinin nəticələrini canlı yayımda şərh edərkən səsləndirib. Bu barədə “Qafqazinfo” “Sputnik Armenia”ya istinadən məlumat yayıb.
Baş nazir bəzi icmalarda 80-90 faizdən çox səs toplanmasının onu sevindirmədiyini deyib. Onun sözlərinə görə, belə nəticələr ilk baxışda müsbət görünsə də, cəmiyyətdə avtoritarizm və diktatura ilə bağlı təəssürat yarada bilər.
Paşinyan seçki nəticələrinin ictimaiyyət tərəfindən necə qəbul olunmasının vacibliyini vurğulayaraq, obyektiv ictimai nəzarət mexanizmlərinin təmin edilməsinin zəruriliyini qeyd edib.
O, Ermənistanda seçicilərin və vətəndaşların maraqlarını ifadə edən, intellektual, obyektiv və dürüst müxalifətin formalaşmasını vacib məsələlərdən biri kimi dəyərləndirib.
Qeyd edək ki, təqdim olunan məlumata əsasən, Ermənistanda ötən gün 21 icmada yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Bundan əvvəl, oktyabrın 24-də Artik, Martuni və Yeğeqnadzorda seçkilərdə iştirak edən bir neçə müxalifətçinin saxlanıldığı barədə məlumatlar yayılıb.


