Əli Əsədov və Koxir Rasulzoda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Elpress.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 25-də ölkəmizdə rəsmi səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüş keçirib.Görüşdə Azərbaycan-Tacikistan münasibətlərinin dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyi bildirilib. 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamənin ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.Tərəflər iki ölkənin regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyini də yüksək qiymətləndiriblər.Görüş zamanı ticarət-iqtisadi əlaqələrin inkişaf perspektivləri də müzakirə olunub. Qarşılıqlı ticarətdə müsbət dinamikanın müşahidə edildiyi qeyd edilib və mövcud potensialdan daha geniş istifadə imkanları nəzərdən keçirilib.Hökumətlərarası Birgə Komissiyanın, Azərbaycan-Tacikistan İşgüzar Şurasının və biznes-forumların iki ölkənin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsində rolu diqqətə çatdırılıb.Nəqliyyat və tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub. Orta Dəhlizin Asiya ilə Avropa arasında əhəmiyyətli nəqliyyat marşrutlarından birinə çevrildiyi, Zəngəzur dəhlizinin isə regionun nəqliyyat imkanlarının genişlənməsinə əlavə şərait yaratdığı bildirilib.Energetika, xüsusilə bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişafı üçün mövcud imkanlar da nəzərdən keçirilib. Bundan başqa, dövlət xidmətləri, təhsil və mədəni-humanitar əlaqələr üzrə fikir mübadiləsi aparılıb.Tərəflər təhsil sahəsində imzalanmış razılaşmaların tələbələr üçün yeni imkanlar yaratdığını qeyd edərək, Azərbaycan və Tacikistan arasında strateji tərəfdaşlığın müxtəlif istiqamətlərdə daha da dərinləşdirilməsi barədə müzakirələr aparıblar.


