Bakının Xəzər rayonunda 24 yaşlı Fatimə Rəhmanzadənin qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Elpress.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Müseyib Əhmədovun cinayətdən əvvəl sosial şəbəkə hesabında təhdid və intiqam xarakterli paylaşımlar etdiyi bildirilir.
Paylaşımlarda “Mən də səni vuracam belə”, “Can almasam, can vermərəm”, “Namusu belə təmizləmək lazımdır” və “Son gün az qalıb, intiqamımı alacam” kimi ifadələrin yer aldığı qeyd olunur.
Məlumata görə, hadisə Binə qəsəbəsində baş verib. İki il əvvəl həyat yoldaşından boşanan Müseyib Əhmədov bir müddət münasibətdə olduğu Fatimə Rəhmanzadə ilə aralarında yaranan mübahisədən sonra ayrılıb.
Hadisə günü Müseyib Əhmədov qadının işlədiyi kafenin yaxınlığında onunla qarşılaşıb. Fatimənin barışmaq istəməməsindən sonra şübhəlinin üzərində gəzdirdiyi bıçaqla ona çoxsaylı xəsarətlər yetirdiyi bildirilir. Gənc qadın aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat edib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq tədbirləri davam etdirilir.


