Bakının 98 saylı uşaq bağçasında aparılan araşdırmanın nəticəsi üzrə müəssisənin rəhbəri ilə əmək müqaviləsinə xitam verilib.
Elpress.az xəbər verir ki, araşdırma zamanı təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunması ilə bağlı nöqsanlar müəyyən edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, aşkar olunan nöqsanlarla əlaqədar bağçanın müdiri barəsində müvafiq tədbir görülüb və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qurumdan qeyd olunub ki, təhsil müəssisələrində neqativ hallara yol verilməsi yolverilməzdir. Təlim-tərbiyə müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması və sağlam işgüzar mühitin formalaşdırılması əsas prioritetlər sırasında yer alır.
Qeyd edək ki, bir müddət əvvəl 98 saylı uşaq bağçasında azyaşlının qanında psixotrop maddə aşkarlandığı ilə bağlı iddialar yayılmışdı.


