Süni intellektin sürətlə inkişaf etməsi və insan həyatının müxtəlif sahələrinə daxil olması dini fəaliyyətlərdə də yeni yanaşmaların müzakirəsinə səbəb olur.
Elpress.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Astanada keçirilən Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib.
QMİ sədri bildirib ki, texnologiyanın yaratdığı imkanlarla yanaşı, onun tətbiqi zamanı mənəvi və etik prinsiplərin qorunması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, mümkün mənfi nəticələrin qarşısının alınması üçün süni intellektdən istifadəyə müəyyən etik çərçivələr daxilində yanaşılmalıdır.
Allahşükür Paşazadə xüsusilə dini ibadətlər zamanı insan faktorunun qorunmasının vacibliyini vurğulayıb. O, süni intellektin insanı ibadət prosesində əvəz edə bilməyəcəyini qeyd edib və dini sahədə süni intellektdən istifadəyə dair etik kodeksin hazırlanmasını müsbət qiymətləndirib.
QMİ sədri çıxışında iqlim dəyişmələri ilə mübarizədə dini liderlərin roluna da toxunub. O bildirib ki, bu istiqamətdə mövqe 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində dini liderlərin Zirvə görüşünün yekun sənədində də əksini tapıb.


