Azərbaycanda məhkəmə sistemində hakimlərin sayının artırılması nəzərdə tutulur. Məqsəd yaxın müddətdə hakimlərin sayını müəyyən edilmiş ştat sayına çatdırmaqdır.
Elpress.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov açıqlamasında bildirib.İnam Kərimov qeyd edib ki, məhkəmələrdə iş yükünün səmərəli şəkildə bölüşdürülməsində hakimlərin həm sayı, həm də peşəkarlığı mühüm rol oynayır.Onun sözlərinə görə, hazırda Azərbaycanda hər 100 min nəfərə təxminən 7 hakim düşür. Bu göstərici Avropa ölkələrində orta hesabla 21 nəfərdir. Türkiyədə 100 min nəfərə 19 hakim düşdüyü halda, İtaliya, Fransa və İspaniyada bu rəqəm 11-12 arasında dəyişir. Gürcüstanda isə göstərici 10 hakim təşkil edir.Ali Məhkəmənin sədri bildirib ki, Azərbaycanda hakimlərin sayının qısa müddətdə 800 nəfərə çatdırılması planlaşdırılır.O əlavə edib ki, məhkəmə sistemində qarşıya qoyulan hədəf yalnız hakimlərin sayını artırmaqla məhdudlaşmır. Elektron xidmətlərin və müasir kommunikasiya imkanlarının geniş tətbiqi hesabına insan əməyinə olan ehtiyacın da optimallaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, İnam Kərimovun müsahibəsi bu gün saat 21:30-da APA İnformasiya Agentliyində və Azad Azərbaycan Televiziyasında yayımlanacaq.


