Ulduzların həyat dövrünün başa çatmasından sonra onların ətrafında yeni planetlərin yaranması ehtimalı ilə bağlı mühüm elmi nəticə əldə edilib.
Elpress.az xəbər verir ki, tədqiqatçılar ulduzların ölümündən sonra formalaşan planetləri müəyyənləşdirmək üçün onların kimyəvi tərkibindəki xüsusi izlərdən istifadə etməyin mümkün olduğunu müəyyənləşdiriblər.
Alimlərin fikrincə, belə dünyalar ulduzun ilkin planet sistemindən fərqli olaraq, onun məhv olmasından sonra yaranan materialdan formalaşa bilər. Bu cür planetlər şərti olaraq “ikinci nəsil” planetlər adlandırılır.
Araşdırmanın nəticələri ulduzların həyat dövrünün planetlərin yaranmasına təsirini daha yaxşı anlamağa, həmçinin ağ cırtdanların ətrafında mövcud ola biləcək planet sistemlərini araşdırmağa yeni imkanlar yaradır.
Tədqiqatın nəticələri “Nature Astronomy” jurnalında dərc olunub.
Eyni jurnalda yayımlanan digər araşdırmada isə qəhvəyi cırtdan və qırmızı cırtdandan ibarət ikili sistemdə maddə mübadiləsi prosesi müşahidə edilib. Tədqiqatçılar maddənin bir obyektdən digərinə axmasını əvvəllər bu tip sistemdə müşahidə etmədiklərini bildiriblər.


