Elpress.az xəbər verir ki, “Yeni Çağ” Media Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyi sədrinin müavini Aqil Ələsgər Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda rəhbərlik etdiyi media qurumunun dövlətçilik və milli maraqlar istiqamətində fəaliyyətinə toxunan Aqil Ələsgər “Yeni Çağ” Media Qrupunun bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib.
O qeyd edib ki, rəhbərlik etdiyi media qrupu Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çağırışlarının icraçılarından biri kimi çıxış edib.
Aqil Ələsgər Azərbaycanın milli maraqlarının müdafiəsi, dövlətçilik dəyərlərinin möhkəmləndirilməsi və ölkənin haqq səsinin beynəlxalq informasiya məkanında çatdırılması istiqamətində fəaliyyətin bundan sonra da əzmlə davam etdiriləcəyini vurğulayıb.
Məktubda həmçinin media sahəsinin dövlətçilik və milli informasiya təhlükəsizliyi baxımından əhəmiyyətinə diqqət çəkilib.
Məktubu təqdim edirik:
Möhtərəm cənab Prezident!
Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışınızı bir media rəhbəri və Azərbaycan vətəndaşı olaraq böyük qürur hissi ilə dinlədim. Çıxışınız Azərbaycanın milli maraqlarını, suveren iradəsini və yeni geosiyasi reallıqlardakı prinsipial mövqeyini ifadə edən, dövlətimizin gələcək strateji xəttini müəyyənləşdirən mühüm dövlətçilik manifesti kimi yadda qaldı. Sizin çıxışınız bir daha Azərbaycan Respublikasının Ali Baş Komandanın rəhbərliyi ilə necə güclü bir dövlət olmasını dünyaya göstərirdi.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik kursunun Sizin rəhbərliyinizlə yeni tarixi mərhələyə yüksəlməsi Azərbaycanın öz milli iradəsinə və gücünə söykənən qüdrətli dövlət kimi mövqeyini möhkəmləndirib. Azərbaycan məhz böyük Liderimiz Heydər Əliyevin bir sənət əsəridir və Siz bu əsəri günü-gündən inkişaf etdirən bizim sevimli Prezidentimizsiniz.
Azərbaycanın suverenliyi, milli maraqları və müstəqil seçim hüququ dəyişməz dövlətçilik prinsipləridir. Mediaya və gənclərə ünvanladığınız çağırışlar, milli həqiqətlərimizin qorunması və dünyaya düzgün çatdırılması ilə bağlı müəyyən etdiyiniz vəzifələr biz media nümayəndələri üçün həm böyük etimad, həm də ciddi məsuliyyətdir. Siz bu sözləriniz ilə bir yeni mühafizə və mübarizə sisteminin əsasını qoydunuz.
Rəhbərlik etdiyim “Yeni Çağ” Media Qrupu hər zaman Ulu Öndər və Sizin çağrışların icraçılarından biri olub, bundan sonra da milli maraqlarımızın müdafiəsi, dövlətçilik dəyərlərinin möhkəmləndirilməsi və Azərbaycanın haqq səsinin beynəlxalq informasiya məkanında çatdırılması istiqamətində fəaliyyətini əzmlə davam etdirəcək.
Möhtərəm cənab Prezident!
Azərbaycan dövlətinin suveren iradəsini və milli maraqlarını bütün siyasi münasibətlərin fövqündə tutan prinsipial mövqeyinizə, xalqımızda yaratdığınız güvən və milli qürur hissinə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Sizə – Müzəffər Ali Baş Komandana, dövlətimizin başçısı, üç əsrdən sonra Azərbaycan xalqının tarixi bütövlük idealını gerçəyə çevirən, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Liderə möhkəm cansağlığı, qüdrətli Azərbaycan naminə ali dövlətçilik fəaliyyətinizdə yeni tarixi uğurlar arzulayıram.
Dərin hörmətlə,
Aqil Ələsgər,
“Yeni Çağ” Media Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyi sədrinin müavini
Azərbaycan Respublikası, Bakı şəhəri.


