Ermənistan Baş naziri Nikol Paşinyan sərhədi keçərək Ermənistan ərazisində saxlanılan Azərbaycan hərbçisi ilə bağlı mövqeyini açıqlayıb.
Elpress.az xəbər verir ki, Paşinyan bu barədə “İnfocom” nəşrinin “Ctrl Z” proqramına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Azərbaycan hərbçisi ilə bağlı istintaq Ermənistan ərazisində aparılacaq. Hazırda həbsdə saxlanılan hərbçinin işi üzrə araşdırmaların davam etdiyi bildirilib.
Paşinyan məsələnin Azərbaycanda saxlanılan erməni hərbçiləri ilə əlaqələndirilməsinin düzgün olmadığını vurğulayıb. O qeyd edib ki, sərhədi keçən hərbçilərlə bağlı proseslərin digər məsələlərdən ayrı şəkildə nəzərdən keçirilməsi barədə razılaşma mövcuddur.
Ermənistan hökumətinin başçısı mümkün dəyişdirmə variantına da münasibət bildirib. Paşinyan belə bir yanaşmanın gələcəkdə analoji hallarda problemlər yarada biləcəyini əsas gətirərək, Azərbaycan tərəfinin saxladığı şəxslərdən birinin əvəzində hərbçinin təhvil verilməsinin düzgün mexanizm olmadığını bildirib.


