Qazaxıstanın Türküstan vilayətində azərbaycanlı uşaqların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş tədbir təşkil edilib.
Elpress.az xəbər verir ki, açıq dərs “Qarabağ” Etnomədəni Birliyinin nəzdində fəaliyyət göstərən həftəsonu məktəbində keçirilib.
Tədbirdə şagirdlərə Heydər Əliyevin həyat yolu və fəaliyyəti barədə məlumat verilib, onun xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
Proqram çərçivəsində Ulu Öndərin portretinin çəkilməsi üzrə rəsm müsabiqəsinin qalibləri də müəyyənləşib. İki iştirakçıya hədiyyələr təqdim olunub.
Təşkilatçılar tədbirin məqsədinin uşaqlara Azərbaycan tarixini, milli-mənəvi dəyərləri və Heydər Əliyevin irsini tanıtmaq olduğunu bildiriblər.


