Xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakı ilə II Forum dekabrın 9-10-da Bakıda keçiriləcək.
Tədbirin əsas hədəfi müxtəlif ölkələrdə çalışan alimlər arasında əlaqələri gücləndirmək və Azərbaycan elmi ilə beynəlxalq elmi mühit arasında əməkdaşlığı genişləndirməkdir.
Elpress.az xəbər verir ki, forum Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə baş tutacaq.
Tədbirdə xarici ölkələrdə fəaliyyət göstərən 100-dən artıq azərbaycanlı alimlə yanaşı, Azərbaycanın elm və təhsil müəssisələrindən 500-ə yaxın alim, doktorant və tədqiqatçının iştirakı gözlənilir.
Forum çərçivəsində elmi təcrübə və bilik mübadiləsinin aparılması, birgə layihələrin müzakirəsi, beynəlxalq əməkdaşlıq imkanlarının artırılması və xaricdə çalışan azərbaycanlı alimlərin vahid şəbəkədə birləşdirilməsi nəzərdə tutulur.
Dekabrın 10-da isə xaricdən gələn alimlərin müxtəlif universitetlərdə ixtisaslarına uyğun görüşlər keçirməsi, elmi müzakirələr aparması və ustad dərsləri təşkil etməsi planlaşdırılır.
Forumda iştirak etmək istəyən xaricdə yaşayan azərbaycanlı alimlərin 20 oktyabr 2026-cı ilədək qeydiyyatdan keçməsi tələb olunur.
Qeyd edək ki, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I Forumu 2024-cü ilin sentyabrında Bakıda keçirilib. Həmin tədbirdə 23 ölkədən 80-dən çox azərbaycanlı alim iştirak edib.


