Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də İsrail Prezidenti İsxak Hersoqla görüş keçirib.
Elpress.az xəbər verir ki, görüşdə Hersoq Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyini yüksək qiymətləndirib. O, ölkəmizin 2026–2028-ci illərdə də quruma sədrlik etməsini Azərbaycana göstərilən etimadın göstəricisi kimi dəyərləndirib.
İsrail Prezidenti Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və etimad quruculuğunun gücləndirilməsi istiqamətində görülən işlərdən məmnunluğunu ifadə edib.
İlham Əliyev sədrliyə verilən qiymətə görə təşəkkürünü bildirib və Azərbaycanın üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, əməkdaşlığın inkişafı üçün səylərini davam etdirdiyini vurğulayıb.
Tərəflər həmçinin Azərbaycan–İsrail münasibətlərini, eləcə də regional və beynəlxalq gündəlikdəki məsələləri müzakirə ediblər.


