Azərbaycanın 100-dən çox hökumət domeninə qarşı həyata keçirilən genişmiqyaslı kiberhücuma görə “313 Team” haker qruplaşması məsuliyyəti üzərinə götürüb.
Elpress.az xəbər verir ki, İraqda fəaliyyət göstərdiyi ehtimal edilən qruplaşma bu barədə “Telegram” kanalında məlumat yayıb. Onun iddiasına görə, hücumun intensivliyi saniyədə 2,5 terabitdən çox olub.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əvvəlki açıqlamasına əsasən, kiberhücum bir sıra dövlət qurumlarının internet resurslarında fasilələrə səbəb olub. Görülən texniki tədbirlər nəticəsində təsirlərin məhdudlaşdırıldığı və saytların sabit fəaliyyətinin bərpa edildiyi bildirilib.
“HawkEye”nin 2026-cı ilin martında yaydığı məlumatda “313 Team” qruplaşmasının İranla əlaqəli olduğu və bu ölkənin Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ilə mümkün əlaqələrinin ehtimal edildiyi qeyd olunub.
Qruplaşma daha əvvəl də müxtəlif ölkələrin dövlət və özəl sektor resurslarına qarşı DDoS hücumları ilə əlaqələndirilib. Bildirilən əməliyyatlar arasında Səudiyyə Ərəbistanı, Küveyt və digər Fars körfəzi ölkələrindəki hədəflər də yer alır.


