Qırğızıstan Prezidenti Sadır Japarov 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Elpress.az xəbər verir ki, məktubda Qırğızıstan dövlət başçısı Azərbaycan xalqını əlamətdar bayram münasibətilə təbrik edərək, regionda sülh və sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Sadır Japarov qeyd edib ki, Azərbaycanın qazandığı Qələbə uzun illər davam edən münaqişənin başa çatması və Cənubi Qafqazda qarşılıqlı anlaşma üçün yeni imkanların yaranması baxımından mühüm hadisədir.
Qırğızıstan Prezidenti regionun gələcəyinə də toxunaraq, Qafqaz ölkələrinin müdrik qərarları və dövlət başçılarının uzaqgörən siyasəti nəticəsində Cənubi Qafqazın sülh və sabitlik məkanına çevriləcəyinə inandığını bildirib.
Məktubun sonunda Sadır Japarov İlham Əliyevə möhkəm cansağlığı və dövlətçilik fəaliyyətində uğurlar, Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıb.


