“Omid” Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və satış müdiri Tərlan Qasımzadə barəsində həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs Gəncədə fəaliyyət göstərən filialın əməkdaşına qarşı zor tətbiq etməkdə və ondan pul tələb etməkdə ittiham olunur.
Elpress.az xəbər verir ki, hadisə şəbəkənin “Omid Gəncə-3” mağazasında baş verib. Məlumata görə, Məmmədov və Qasımzadə filial müdirini satışdan əldə olunan vəsaiti mənimsəməkdə şübhəli biliblər.
İddialara əsasən, onlar mağaza müdirini döyərək və müxtəlif üsullarla hədələyərək şirkətə dəydiyi bildirilən zərərin əvəzi kimi 88 min manat tələb ediblər.
Zərərçəkmiş şəxsin polisə müraciətindən sonra Rəhman Məmmədov və Tərlan Qasımzadə saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi – zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə üzrə ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “Omid” təmir, tikinti və məişət əşyalarının topdan və pərakəndə satışı ilə məşğul olan mağazalar şəbəkəsidir. Məlumata görə, şirkətin Bakı, Gəncə, Sumqayıt və digər bölgələrdə 100-ə yaxın filialı fəaliyyət göstərir.


