Paytaxt yollarında svetoforların işində yaranan texniki problemlərin vaxtında aşkarlanması üçün vətəndaşların da köməyinə ehtiyac var. Aidiyyəti qurum sürücüləri və piyadaları belə hallarla qarşılaşdıqda məlumat verməyə çağırıb.
Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) bu barədə vətəndaşlara müraciət edib.
Mərkəzin məlumatına görə, Bakı şəhərindəki svetoforların idarə olunması və yol hərəkətinin monitorinqi qurum tərəfindən həyata keçirilir. Müşahidə kameraları vasitəsilə paytaxtın əsas yollarında nəqliyyat vəziyyəti və svetoforların fəaliyyəti fasiləsiz izlənilir.
Svetoforların iş rejimində nasazlıq aşkarlandıqda bu barədə yol polisinə məlumat verilir, problemin aradan qaldırılması üçün texniki əməkdaşlar hadisə yerinə göndərilir.
Bununla belə, müşahidə kameralarının olmadığı, xüsusilə şəhərin kənar ərazilərində yerləşən yollardakı svetofor nasazlıqlarının dərhal müəyyənləşdirilməsi mümkün olmur.
NİİM bu səbəbdən vətəndaşlardan svetoforların işləməməsi, işıq siqnallarının pozulması və digər texniki problemlərlə rastlaşdıqları zaman məlumat vermələrini xahiş edib.
Müraciətlər gecə-gündüz fəaliyyət göstərən +994 (012) 590 86 02 nömrəsi vasitəsilə qəbul olunur.
Qurumun bildirdiyinə görə, daxil olan məlumatlar nasazlıqların daha operativ aradan qaldırılmasına və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə kömək edəcək.


