Azərbaycanın müharibədən sonrakı əsas hədəflərindən biri Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi və regional iqtisadi əlaqələrin genişləndirilməsidir. Ölkənin nəqliyyat və logistika imkanları isə Avropa ilə Asiya arasında əməkdaşlıq baxımından xüsusi əhəmiyyət qazanır.
Elpress.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə Belqradda 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunan rəsmi qəbulda səsləndirib.
Diplomat bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycanın qarşısında yeni imkanlar açıb. Onun sözlərinə görə, hərbi qələbə ilə yanaşı, regionda uzunmüddətli sülhün və iqtisadi əməkdaşlığın qurulması da mühüm əhəmiyyət daşıyır.
Səfir Azərbaycanın beynəlxalq platformalarda artan roluna da diqqət çəkib. Qoşulmama Hərəkatına sədrliyi, COP29 və Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi ölkənin qlobal məsələlərin müzakirəsində iştirakını genişləndirən amillər kimi qeyd olunub.
Tahir Tağızadə regional nəqliyyat layihələrindən danışarkən TRIPP təşəbbüsünün əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, bu layihə Orta Dəhlizin imkanlarını genişləndirə, Avropa ilə Asiya arasında yükdaşımaların və ticarət əlaqələrinin inkişafına əlavə təkan verə bilər.
Diplomatın fikrincə, nəqliyyat marşrutlarının açılması və iqtisadi qarşılıqlı asılılığın güclənməsi Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə də xidmət edə bilər.
Qeyd edək ki, Azərbaycanın Serbiya ilə münasibətləri də strateji tərəfdaşlıq çərçivəsində inkişaf edir. 2026-cı ilin sentyabrında Belqrad–Bakı birbaşa aviareysinin fəaliyyətə başlaması iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından yeni imkanlar yaradıb.


