Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlığın inkişafı istiqamətində növbəti tədbir təşkil olunub. İki ölkənin hərbi mütəxəssisləri hərbi əməliyyatlar zamanı mülki qurumlarla koordinasiyanın gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Elpress.az xəbər verir ki, təlim Azərbaycan və İtaliya müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq keçirilib. Tədbirdə hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə italiyalı ekspertlər, eləcə də Azərbaycan Müdafiə Nazirliyinin müxtəlif struktur bölmələrinin və qoşun növlərinin nümayəndələri iştirak ediblər.
Təlimin əsas istiqamətlərindən biri silahlı qüvvələrlə mülki əhali arasında əlaqələrin düzgün qurulması, əməliyyat zonasında müvafiq dövlət qurumları ilə koordinasiyanın təmin edilməsi və mülki infrastrukturun nəzərə alınması olub.
İtaliyalı mütəxəssislər CIMIC sahəsində beynəlxalq təcrübəni təqdim edib, onun tətbiq mexanizmlərini izah ediblər. İştirakçılar qruplara bölünərək praktiki tapşırıqlar yerinə yetirib, əldə olunan bilikləri müxtəlif ssenarilər üzərində tətbiq ediblər.
Qeyd edək ki, Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq çərçivəsində CIMIC istiqamətində təcrübə mübadiləsi əvvəllər də həyata keçirilib. Azərbaycan nümayəndə heyəti 2025-ci ilin dekabrında İtaliyanın Veneto regionunda keçirilən “Adaptive Interaction 2025” çoxmillətli təlimində müşahidəçi qismində iştirak edib.
Tərəflər son təlimdə də bu sahədə əməkdaşlığın genişləndirilməsi, qabaqcıl yanaşmaların öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi imkanlarını nəzərdən keçiriblər.


