Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda ölkəsinin tərəfdaşı olduğunu bildirib.
Elpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Putin Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunda çıxışı zamanı Azərbaycanla enerji sahəsində əməkdaşlığa toxunub.
“Azərbaycan bir çox istiqamətlərdə, o cümlədən energetika sahəsində bizim sabit və yaxşı tərəfdaşımızdır”, – deyə Rusiya Prezidenti vurğulayıb.
Rusiya lideri Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi və fəal təmaslar saxladığını da qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında aparılan müzakirələrdə enerji sektoru da daxil olmaqla, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri diqqət mərkəzindədir.
Qeyd edək ki, oktyabrın 27-də Moskvada Qaz İxrac Edən Ölkələr Forumunun 8-ci sammiti keçirilib. Tədbir çərçivəsində Azərbaycan və Rusiya rəsmiləri də enerji əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.


