Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ölkəmizdə səfərdə olub.
Elpress.az xəbər verir ki, nümayəndə heyətinə Assosiasiyanın prezidenti Mohamed Faquiri, baş katibi İlham Meftah, eləcə də müşavirlər Hayate Znig, Raşid Harrath, Mourad Daoudi, El Boukili Abderrahim və digər şəxslər daxil olublar.
Səfər çərçivəsində qonaqlar əvvəlcə Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar. Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını itirən şəhidlərin xatirəsini yad ediblər.
Nümayəndə heyəti Hərbi Qənimətlər Parkı və Vətən Müharibəsi Memorial Kompleksində Azərbaycanın Vətən müharibəsi və əldə etdiyi Zəfər barədə məlumatlandırılıb. Qonaqlar, həmçinin Heydər Əliyev Mərkəzi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar.
Səfər proqramının davamı olaraq nümayəndə heyəti Şuşa və Xankəndi şəhərlərinə gedib. Şuşada Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüş keçirilib. Görüş zamanı şəhərdə aparılan bərpa və yenidənqurma işləri, gələcək inkişaf planları barədə məlumat verilib.
Tərəflər qədim tarixi və zəngin mədəni irsi ilə seçilən Şuşa ilə Mərakeşin Fes şəhəri arasında qardaşlaşma əlaqələrinin yaradılması təklifini də müzakirə ediblər.
Qonaqlar Şuşada Cıdır düzü, Güllələnmiş heykəllər, Şuşa qalası, Gəncə qapısı və Yuxarı Gövhərağa məscidini ziyarət ediblər. Onlar şəhərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olub, tarixi-mədəni abidələrə qarşı törədilmiş dağıntıları pisləyiblər.
Xankəndidə isə nümayəndə heyəti Zəfər Parkını və Qarabağ Universitetini ziyarət edib, şəhərdə yaradılan müasir infrastruktur və yenidənqurma işləri barədə məlumat alıb.
Səfər çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də görüş keçirilib. Universitetin rektoru Rüfət Əzizovla görüşən qonaqlar ali təhsil müəssisəsinin Tarix və Mineralogiya muzeyləri, Bərpaolunan enerji laboratoriyaları mərkəzi və Rəqəmsal energetika laboratoriyası ilə tanış olublar. Bildirilib ki, nümayəndə heyətinin üzvü Raşid Harrath universitetin məzunudur.
Səfərin Azərbaycan ilə Mərakeş arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, xalqlararası əlaqələrin genişləndirilməsinə və diaspor sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi gözlənilir.


