Finlandiya Prezidenti Aleksandr Stubb Azərbaycanın gələcəkdə Avropa İttifaqına (Aİ) üzv olmaq ehtimalının olduğunu bildirib.
Elpress.az xəbər verir ki, Stubb Avropa İttifaqının əsas xarici siyasət hədəflərindən birinin genişlənmə olduğunu qeyd edib.
Onun sözlərinə görə, qarşıdakı 30 il ərzində Avropa İttifaqının üzvlərinin sayının təxminən 40-a çatacağı gözlənilir. Finlandiya Prezidenti vurğulayıb ki, bu qurum gələcəkdə indikindən daha geniş əhatəyə malik olacaq, lakin bütün üzv dövlətlər avrodan istifadə etməyəcək.
Stubb Avropa İttifaqının gələcək tərkibində Qərbi Balkan ölkələrini, Ukrayna və Moldovanı görmək istədiyini bildirib. O, həmçinin İslandiya, Norveç, İsveçrə və Böyük Britaniyanın da quruma qoşulmasını arzuladığını deyib.
Finlandiya Prezidenti Kanadanın ən azı assosiativ üzv statusu əldə edə biləcəyini qeyd edib. Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan kimi ölkələrin Avropa İttifaqına üzvlük perspektivlərinin isə gələcək inkişaflarından asılı olacağını vurğulayıb.


