Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan Milli İncəsənət Muzeyində “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgiyə baxıblar.
Elpress.az xəbər verir ki, oktyabrın 27-də keçirilən ziyarət Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunub.
Sərgidə rəssamın 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər nümayiş olunur. Ekspozisiyaya monumental rəngkarlıq tabloları və qrafik işlər daxildir.
Fərhad Xəlilovun yaradıcılığında Abşeronun təbiəti, sahil mənzərələri və kəndləri xüsusi yer tutur. Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə hazırlanıb.


