Azərbaycanda bütün etnik qrupların və dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu, ölkədə sabit inkişafın əsasını təşkil edən amillərdən biridir.
Elpress.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, cəmiyyətdəki ahəngdarlıq Azərbaycanın sabit inkişafının səbəblərindən biridir.
Prezidentin sözlərinə görə, multikulturalizm, dini və etnik tolerantlıq ənənələri xalqların əsrlər boyu formalaşdırdığı irsin bir hissəsidir və Azərbaycanda bu dəyərlərə yüksək qiymət verilir.
İlham Əliyev vurğulayıb ki, bütün etnik qrupların və dinlərin nümayəndələri yalnız Konstitusiyaya əsasən bərabər hüquqlara malik olmaqla kifayətlənmir, eyni zamanda bir ailə kimi yaşayırlar. O, ölkədə yüksək səviyyədə həmrəyliyin, qarşılıqlı anlaşmanın və hörmətin mövcud olduğunu qeyd edib.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan xalqı milli ideyalar ətrafında birləşir və azərbaycançılıq ideologiyası ölkənin bütün xalqlarını bir araya gətirir. Bu birlik müstəqillik tarixinin ən çətin mərhələlərində də özünü göstərib.


