Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Elpress.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı final görüşündə Ermənistan təmsilçisi Karen Aslanyanla qarşılaşıb.
Həlledici görüşdə rəqibinə 4:8 hesabı ilə məğlub olan Nihat Məmmədli dünya çempionatının gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, Nihat Məmmədli 2024-cü ildə Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanaraq dünya çempionu olub.
Mundialda Azərbaycan millisinin digər üzvləri də uğurlu nəticələr əldə ediblər. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıblar.
Dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.


