Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “Mi-17-1V” tipli iki helikopterin NATO standartlarına uyğunluğunun qiymətləndirilməsi çərçivəsində hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.
Elpress.az xəbər verir ki, Hərbi Hava Qüvvələri komandanının müavini – Hava Döyüş Komandiri general-mayor Zaur Rüstəmov NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Qərargahının (SHAPE) nümayəndəsi, briqada generalı Theodoros Stefou ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf imkanları nəzərdən keçirilib. Tərəflərə birgə fəaliyyətlər, bölmələrin hazırlıq səviyyəsi və qarşıya qoyulan tapşırıqlar barədə təqdimatlar verilib.
Nümayəndələr bu cür qiymətləndirmələrin hərbi bölmələrin hazırlığının artırılması, qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Görüşdən sonra qonaqlar təlim sahəsində bölmələrin təchizatı ilə tanış olub, avadanlıqların NATO standartlarına uyğunluğuna baxış keçiriblər.
Qeyd edək ki, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı tərəfdaş ölkələrin hərbi bölmələrinin əməliyyat imkanlarını qiymətləndirmək və onların Alyans qüvvələri ilə birgə fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır. .


