Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan, Rusiya və Çindən olan mütəxəssislərin iştirakı ilə beynəlxalq elmi-praktik konfrans təşkil olunub.
Elpress.az xəbər verir ki, oktyabrın 28-də keçirilən tədbir Bakı Xoreoqrafiya Akademiyası ilə Çelyabinsk Dövlət Mədəniyyət İnstitutunun birgə təşkilatçılığı əsasında baş tutub. Konfrans “Mədəniyyətlərin dialoqu: Rəqs beynəlxalq əməkdaşlıq məkanı kimi” mövzusuna həsr edilib.
Tədbirdə incəsənət nümayəndələri, xoreoqraflar, müəllimlər və tələbələr iştirak ediblər. Çıxışlarda milli rəqs ənənələrinin qorunması, müasir tədris metodlarının tətbiqi və rəqs sənəti vasitəsilə mədəni əlaqələrin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb.
Konfransın açılışında Bakı Xoreoqrafiya Akademiyasının rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-Zadə, Xalq artisti Təranə Muradova, Çelyabinsk Dövlət Mədəniyyət İnstitutunun professoru Konstantin Novikov və “Smooth & Rhythm Dance Style” şirkətinin prezidenti Olqa Krasnyanskaya çıxış ediblər.
Elmi-praktik sessiyada xoreoqrafiya təhsilinin inkişafı, milli rəqslərin təbliği, beynəlxalq layihələr və müasir rəqs istiqamətləri müzakirə olunub. Məruzəçilər arasında tanınmış xoreoqraf Eldar Cəfərov, Veronika Butuzova, Domen Krapets, Samirə Quliyeva və Hannes Emrix də yer alıblar.
Görüş zamanı Azərbaycan, Rusiya və Çin arasında xoreoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin hazırlanması və gələcək tədbirlər barədə fikir mübadiləsi aparılıb. 2027-ci ilin aprelində keçirilməsi planlaşdırılan “Beijing Open” və Çelyabinskdə təşkil olunacaq “Çelyabinsk Vilayəti Qubernatorunun Kuboku” yarışları da müzakirə edilib.
Konfrans çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının Milli və müasir rəqs kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramova Azərbaycan xalq rəqslərinin əsas hərəkətləri və ifa xüsusiyyətləri üzrə ustad dərsi keçib.


