Azərbaycanın Əməkdar artisti, pianoçu Adilə Əliyeva Fransada nüfuzlu mükafatla təltif olunub.
Elpress.az xəbər verir ki, sənətçi Fransanın İncəsənət, Elm və Ədəbiyyat üzrə Akademik Cəmiyyətinin diplom və platin medalına layiq görülüb. Təltif qərarı qurumun Ali Mükafatlar Komissiyası tərəfindən qəbul edilib.
2026-cı il laureatlarının mükafatlandırma mərasimi Parisdəki “InterContinental Paris Le Grand” hotelinin “Opera” zalında baş tutub.
1915-ci ildə yaradılan Akademik Cəmiyyət incəsənət, elm, ədəbiyyat və mədəniyyət sahələrinə töhfə verən şəxsləri mükafatlandırır. Adilə Əliyevanın bu mükafata layiq görülməsi onun musiqi sahəsindəki fəaliyyəti və Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması istiqamətindəki xidmətləri ilə əlaqələndirilir.
Bakıda anadan olan pianoçu Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb. Dünyanın 50-dən çox ölkəsində konsertlər verən sənətçi Azərbaycan bəstəkarlarının əsərlərini xarici auditoriyaya təqdim edir. O, 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasına rəhbərlik edir və öz adını daşıyan Beynəlxalq Piano Müsabiqəsinin təsisçisidir.
Adilə Əliyeva 2022-ci ildə Azərbaycanın “Dostluq” ordeni, Fransanın “Fəxri Legion” ordeni, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı və “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.


