ABŞ-ın Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində laboratoriya yanğını səbəbindən fövqəladə vəziyyət elan edilib. Rəsmilər ərazi hüdudlarından kənarda radioaktiv çirklənmə aşkarlanmadığını bildiriblər.
Elpress.az xəbər verir ki, yanğın ABŞ Energetika Nazirliyinin Savannah River kompleksində yerləşən Milli Laboratoriyanın otaqlarından birində baş verib. Yerli vaxtla oktyabrın 28-də saat 17:39-da hadisəyə görə kompleksdə fövqəladə vəziyyət rejimi tətbiq olunub. Yerli telekanal WRDW hadisə zamanı radioaktiv maddələrin filtrlənmədən yer səviyyəsində yayılması barədə məlumat yayıb.
Ehtiyat tədbiri olaraq kompleksə giriş müvəqqəti məhdudlaşdırılıb, yaxınlıqdakı dəmir yolu, çay və hava nəqliyyatına da məhdudiyyətlər tətbiq edilib. Bəzi əməkdaşlardan təhlükəsizlik məqsədilə qapalı ərazidə qalmaq tələb olunub.
Savannah River kompleksinin administrasiyası yanğının söndürüldüyünü və radioloji yoxlamalar zamanı çirklənmə səviyyəsinin aşkar edilmədiyini açıqlayıb. Oktyabrın 28-də saat 21:45-də fövqəladə vəziyyət rejimi ləğv edilib, girişlər açılıb və qoruyucu tədbirlər dayandırılıb.
Hadisənin səbəbi və radioaktiv maddələrin mümkün yayılmasının miqyası barədə əlavə təfərrüatlar açıqlanmayıb.


