55 nəfər peşə təlimlərini tamamlayaraq sertifikat əldə edib
Elpress.az xəbər verir ki, “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb. Təlimlər müxtəlif dövlət və özəl qurumların təşkilatçılığı və maliyyə dəstəyi ilə həyata keçirilib.Bakı və Gəncə şəhərləri, həmçinin Abşeron, Şəmkir və Füzuli rayonlarından layihəyə cəlb olunan 55 nəfər təlim proqramını uğurla tamamlayıb. İştirakçılar şəhid ailələrinin üzvləri, müharibə veteranları və onların ailə üzvlərindən ibarət olub. Onlara təlimləri uğurla başa vurduqlarını təsdiqləyən sertifikatlar təqdim edilib.Növbəti mərhələdə iştirakçıların özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılır. Təqdim etdikləri biznes planlarına uyğun olaraq onlara zəruri avadanlıqlar veriləcək və kiçik və orta biznes subyektlərinin yaradılmasına dəstək göstəriləcək.Artıq dörd ildir həyata keçirilən layihənin əsas məqsədi şəhid ailələri, müharibə veteranları və onların ailə üzvlərinin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, sosial-iqtisadi rifahlarının yaxşılaşdırılması və yeni biznes imkanlarının yaradılmasına şərait yaratmaqdır.Layihə eyni zamanda işğaldan azad edilmiş ərazilərdə və ətraf rayonlarda müxtəlif peşə və xidmət sahələri üzrə yerli kadr potensialının gücləndirilməsinə və əhalinin məşğulluğunun artırılmasına yönəlib.


