Gürcüstanda “Asaval-Dasavali” qəzetinin əməkdaşı Domenti (Dito) Çubinidze dövlətə xəyanət, konkret olaraq təxribat ittihamı ilə saxlanılıb. İşin mərkəzində Azərbaycan-Gürcüstan sərhədində yerləşən David Qareci monastır kompleksi ilə bağlı yayılan məlumatlar dayanır.
Elpress.az xəbər verir ki, Gürcüstan Baş Prokurorluğunun oktyabrın 22-də yaydığı məlumata görə, jurnalist 2026-cı ilin fevralından etibarən mediada və sosial platformalarda Baş nazir İrakli Kobaxidzenin gizli razılaşma əsasında kompleksin bir hissəsini Azərbaycana verməsi barədə iddialar yayıb. Prokurorluq bu məlumatları həqiqətə uyğun olmayan və uydurma faktlara əsaslanan iddialar kimi qiymətləndirib.
Qurumun açıqlamasında bildirilib ki, David Qareci ərazisində dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycanla hələ razılıq əldə edilməyib. Gürcüstan tərəfinin mövqeyinə əsasən, sərhəd məsələləri üzrə danışıqlar hökumətin delimitasiya və demarkasiya komissiyasının səlahiyyətinə daxildir, mümkün beynəlxalq razılaşma isə qanunvericilikdə nəzərdə tutulan prosedurlardan keçməlidir.
İstintaq hesab edir ki, Çubinidzenin yaydığı məlumatlar sərhəd məsələləri üzrə dövlət komissiyasının fəaliyyətinə mane olub. İttiham sübuta yetirilərsə, jurnalisti dörd ilədək həbs cəzası gözləyə bilər. Prokurorluq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyini açıqlayıb. İş üzrə araşdırma davam edir.
Qeyd edək ki, David Qareci, Azərbaycanda Keşikçidağ adı ilə tanınan qədim monastır kompleksi, Azərbaycan-Gürcüstan sərhədinin yaxınlığında yerləşir. Kompleksin ətrafındakı sərhəd xəttinin müəyyənləşdirilməsi iki ölkə arasında həssas məsələlərdən biri olaraq qalır.


