ABŞ-nin Meyn ştatında Azərbaycan və yəhudi xalqlarının ortaq mədəni irsinə, tarixi dostluq münasibətlərinə həsr olunan “Ortaq evimiz: Yəhudi-Azərbaycan mədəniyyətinin təntənəsi” adlı tədbir təşkil edilib.
Elpress.az xəbər verir ki, Meyn Azərbaycan Cəmiyyəti ilə Cənubi Meyn Yəhudi Alyansının birgə keçirdiyi proqramda iki xalq arasında qarşılıqlı hörmət və birgəyaşayış ənənələri ön plana çıxarılıb.
Tədbirin əsas məqamlarından biri azərbaycanəsilli amerikalı bəstəkar, yazıçı və film prodüseri Ella Leyanın müəllifi olduğu “Leylanın skripkası” filminin nümayişi olub. “XVIII Monako Film Festivalı”nda mükafata layiq görülən ekran əsərinin çəkilişlərinin bir hissəsi Azərbaycanda, o cümlədən Qubada aparılıb.
Filmdən sonra çıxış edən Ella Leya Azərbaycan və yəhudi xalqlarını birləşdirən mədəni bağlardan danışıb. O, yəhudi icmasının Azərbaycanın ictimai-mədəni həyatındakı rolunu vurğulayaraq, xalqlar arasında dostluğun ailə ənənələrində, musiqidə və nəsildən-nəslə ötürülən ortaq xatirələrdə yaşadığını bildirib.
Proqram çərçivəsində qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub, ölkəmizin tarixi və mədəni irsinə həsr edilmiş guşə yaradılıb. Londonda yaşayan azərbaycanlı skripkaçı Sabina Rakçeyeva isə musiqi ifası ilə tədbirə xüsusi rəng qatıb.
Təşəbbüs Azərbaycan və yəhudi icmaları arasında mədəni əlaqələrin inkişafına, ortaq dəyərlərin tanıdılmasına və müxtəlif xalqlar arasında dialoqun möhkəmləndirilməsinə yönəlib.


