Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin peşə hazırlığının qiymətləndirilməsi və kadr çatışmazlıqlarının aradan qaldırılması üçün sertifikasiyanın əhəmiyyəti vurğulanıb.
Elpress.az xəbər verir ki, deputat Ceyhun Məmmədov Modern.az-a açıqlamasında bağçalarda çalışan bütün tərbiyəçi-müəllimlərin sertifikasiyadan keçməsinin vacibliyini bildirib.
Onun sözlərinə görə, azyaşlıların təlim-tərbiyəsi xüsusi bilik, bacarıq və məsuliyyət tələb edir. Deputat hesab edir ki, bu sahədə peşə tələblərinə cavab verməyən kadrların fəaliyyəti təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər. Sertifikasiya isə bilikli və bacarıqlı mütəxəssislərin müəyyənləşdirilməsinə, mövcud çatışmazlıqların aradan qaldırılmasına xidmət etməlidir.
Təhsil eksperti İlqar Orucov da qiymətləndirmənin yalnız nəzəri biliklərlə məhdudlaşmamasını vacib sayır. Onun fikrincə, tərbiyəçi-müəllimlərin məktəbəqədər pedaqogika, uşaq psixologiyası, inkişaf metodikası və uşaqlarla ünsiyyət bacarıqları da nəzərə alınmalıdır.
Ekspert əlavə edib ki, qiymətləndirmədən sonra zəif nəticə göstərən əməkdaşlar üçün ixtisasartırma və metodiki dəstək imkanları yaradılmalıdır. Eyni zamanda, peşəkar kadrların sahədə qalmasını təşviq etmək üçün maddi stimullaşdırma mexanizmləri də əhəmiyyət daşıyır.
Mütəxəssislərin fikrincə, sertifikasiyanın əsas məqsədi yalnız işçilərin bilik səviyyəsini yoxlamaq deyil, məktəbəqədər təhsilin keyfiyyətini yüksəltmək və valideynlərin bağçalara etimadını gücləndirmək olmalıdır.


